26 aprel 2023-cü il tarixdə Novruz Aslanov Ağsu və İsmayıllı rayonlarında “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” və “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzularında keçirilən toplantılarda iştirak edib.
"Unikal" xəbər verir ki, günün birinci yarısı Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan toplantıda Novruz Aslanovla yanaşı millət vəkilləri Tahir Kərimli, Sabir Hacıyev və İqbal Məmmədov da iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət ediblər. Tədbir öncəsi Dövlət himni səsləndirilib və Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib.
Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları, rayon ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələrin də iştirak etdiyi tədbirdə çıxış edən Novruz Aslanov qeyd edib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ümummilli Lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi hər iki dövrdə ömrünü Azərbaycanın inkişafına həsr edən Heydər Əliyev respublikada nəhəng quruculuq işlərinin təşəbbüskarı оlub.
Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlülüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub.