Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Xidmətin Mədəniyyət Mərkəzində “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı elmi-praktiki konfrans keçirilib.
Bu barədə "Unikal"a DTX-dən məlumat verilib.
Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Milli Məclisin komitə sədrləri Ziyafət Əsgərov, Sadiq Qurbanov və digər deputatlar, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin rəhbərləri və professor-müəllim heyətləri iştirak ediblər.
Konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbiri giriş nitqi ilə açıq elan edərək qonaqları salamlamışdır. Xidmət rəisi, Heydər Əliyevin mənalı ömrünə nəzər salaraq Ulu Öndərin Vətəni və xalqının rifahı yolunda misilsiz xidmətlərindən, bütün həyatı boyu milli maraqların təmin olunması naminə atdığı qətiyyətli addımlardan geniş söhbət açmışdır. Dahi şəxsiyyətin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ilə əlaqədar fikirlərini bölüşən general-polkovnik Əli Nağıyev Heydər Əliyevin bu qurumda şərəfli xidmət nümunələri yaratdığını, təhlükəsizlik təşkilatının milliləşdirilməsinin məhz onun adı ilə sıx bağlı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Heydər Əliyevin vəzifə pillələrində durmadan irəliləyərək, ilk azərbaycanlı kimi təhlükəsizlik orqanının rəhbəri təyin olunması və general-mayor rütbəsinə layiq görülməsi yalnız onun fitri istedadı, dərin analitik təfəkkürü və yüksək bacarıqları nəticəsində mümkün olub.
Xidmət rəisi vurğulayıb ki, daima Azərbaycanı müstəqil görmək arzusu ilə yaşayan və bütün dövrlərdə milli mənafelərin təminatçısı olan Heydər Əliyevin dövlətçilik strategiyasını müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət güclü və qüdrətli Azərbaycanı parlaq gələcəyə, işıqlı sabahlara və yeni-yeni zəfərlərə doğru aparmaqdadır.
Ardınca qonaqlar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş videoçarxa baxmış, daha sonra konfrans digər məruzəçilərin çıxışları ilə davam etmişdir. Natiqlər belə tədbirlərin keçirilməsinin Heydər Əliyevin peşəkarlıq irsinin yaşadılması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını xüsusi qeyd edərək görkəmli dövlət xadiminin həyat yolundan bəhs etmiş və vurğulamışlar ki, Ulu Öndərin sovetlər dönəmində respublikaya başçılıq etdiyi vaxtlarda Azərbaycanın tərəqqisi və çiçəklənməsi, Sovet İttifaqına daxil olan ölkələr arasında qabaqcıl mövqelərdə qərarlaşması Heydər Əliyevin yorulmaz səylərinin bəhrəsi idi. Çıxışçılar bildirmişlər ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xilaskarlıq missiyasını uğurla yerinə yetirən və ölkədə ictimai-siyasi sabitliyi bərqərar edərək Azərbaycanı davamlı inkişaf yoluna çıxaran Heydər Əliyev müasir dövlətimizin banisi və qurucusu olaraq adını tariximizə qızıl hərflərlə yazdırıb.
Tədbir, iştirakçıların Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü qarşısında xatirə fotoşəklinin çəkilməsi ilə yekunlaşıb.