Ukrayna prezidenti Volodimir Zelenskinin səfərinə etiraz olaraq Romanın mərkəzində etiraz aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın "Il Giornale" qəzeti yazıb.
“Ukrayna prezidentinin İtaliya rəhbəri ilə görüşdüyü yerdən bir neçə kilometr aralıda ifrat solçu fəallar Kolizeyin yanında qeyri-dost şüarı olan pankart açaraq Zelenskiyə meydan oxuyublar”, - nəşr yazır.
Qeyd olunur ki, bu afişada “Zelenski burada xoş qarşılanmır” sözləri yer alıb.
Nəşrin məlumatına görə, etirazçılar Kiyevə silah verilməsinə qarşı çıxıblar. Onlar hesab edirlər ki, Zelenski Ukraynanı " NATO, ABŞ və Aİ- nin imperialist planlarının ixtiyarına verib",
Nümayişçilər Kiyevə silah göndərməkdə davam edən İtaliya hökumətinin siyasətini də tənqid ediblər. Onlar bu siyasəti “rüsvayçılıq” adlandırıblar.
Mayın 13-də Zelenski Vatikanda Roma Papası Fransisklə görüşüb. Görüş zamanı dövlət başçısı pontifi Ukraynanın “sülh formulu”nu həyata keçirməyə dəvət edib. İtaliyanın baş naziri Corciya Meloni bildirib ki, Roma lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcək.
Gülayə Mecid