Serbiya prezidenti Aleksandr Vuçiç tezliklə ölkənin hakim Serb Tərəqqi Partiyasının sədri postunu tərk edəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə Serbiya hökumətinə dəstək məqsədilə keçirilən ümummilli mitinq iştirakçıları qarşısında çıxışı zamanı müvafiq bəyanatla çıxış edib .

“Bu gün Serbiya Tərəqqi Partiyasının sədri kimi sizə müraciət etdiyim son axşamdır. Sabah mən siyasi partiyanın sədri deyil, bütün Serb vətəndaşlarının lideri olacağam. İnsanlar partiyamızın rəhbərliyinin müdafiəsinə qalxacaqlar”, - deyə dövlət başçısı vurğulayıb.

Vuçiç daha əvvəl bildirmişdi ki, hakim partiyanın mayın 26-na təyin edilmiş qurultayı Serbiyanın tarixində ən böyük qurultay olmalıdır. Ölkə və partiya rəhbərliyi üçün mühüm qərarlar gözlənilir. O qeyd edib ki, yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar da mümkündür.

Bundan əvvəl Vuçiç bu ilin may ayına kimi Serbiyada partiyalararası yeni siyasi hərəkatın yaradılacağını bildirmişdi .