Ermənistanda baş nazir Nikol Paşinyanın qərarı ilə Metsamor Atom Elektrik Stansiyasında yeni nüvə reaktorunun tikintisi imkanlarını araşdırmaq üçün qurumlararası işçi qrupu yaradılacaq.

"Unikal" xəbər verir ki, Ermənistan hökumətinin saytında dərc olunmuş fərmana uyğun olaraq, işçi qrup mövcud AES-də yeni atom enerji blokunun tikintisi, yerləşdiriləcək kiçik modul reaktorların yararlılığı və lazımi texnologiyaların seçilməsi ilə bağlı araşdırma aparacaq. İşçi qrupunun rəhbəri hər iki aydan bir öz fəaliyyəti ilə bağlı məlumatı Baş Nazirin aparatına təqdim edəcək.

ABŞ Dövlət Departamenti Ermənistan da daxil olmaqla bir çox ölkələrin Rusiya və Çin Xalq Respublikasından enerji asılılığını azaltmasına kömək edə biləcək ABŞ texnologiyası ilə istehsal edilən kiçik modul nüvə reaktorlarının yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırmaların aparıldığını açıqlayıb.

Paşinyan mayın 24-də verdiyi bəyanatda Metsamor Atom Elektrik Stansiyasının müəyyən istifadə müddətinin olduğunu və nüvə enerjisi ilə bağlı Rusiya, ABŞ və üçüncü ölkələrlə danışıqların aparıldığını vurğulayıb.

Türkiyə sərhədinə yaxın olan Metsamor Atom Elektrik Stansiyası ölkənin elektrik enerjisinin təxminən 40 faizini istehsal edir.

Qeyd edək ki, reaktorlardan biri təhlükəli olduğundan 1989-cu ildən qapalıdır. 
Türkiyə sərhədindən 16 kilometr uzaqlıqda yerləşən və tikintisinə 1970-ci ildə başlanan Metsamor Atom Elektrik Stansiyasında biri 1976, digəri isə 1980-ci ildə istifadəyə verilmiş iki reaktor var.

Hər iki reaktor 1988-ci ildə Ermənistanda baş verən Spitak zəlzələsindən sonra 1989-cu ildə bağlanıb, lakin yeni tikilən 2 saylı reaktor 1995-ci ildə təmirdən sonra yenidən fəaliyyətə başlayıb.

İstifadə müddəti 2005-ci ildə başa çatan və köhnə texnologiya məhsulu olan reaktorun istismar müddəti 2021-ci ilin avqust ayında aparılan təmir işləri nəticəsində 2026-cı ilə qədər uzadılıb.

Türkiyə sərhədlərindən 16 kilometr aralıda yerləşən Metsamor Atom Elektrik Stansiyası ilə bağlı narahatlığını beynəlxalq orqanlar vasitəsilə də çatdırır. Türkiyənin Atom Enerjisi Agentliyi keçmiş Sovet İttifaqı dövründə tikilmiş bu köhnə elektrik stansiyasının fəaliyyətini dayandırmaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət edib.

AES zəlzələ zonasında yerləşdiyinə və köhnə texnologiyaya malik olduğuna görə Avropa Birliyi də Ermənistandan stansiyanın bağlanmasını tələb edir.