"Ulu Öndər Heydər Əliyev fenomeni ilə ilk tanışlığıma, bu tanışlıq özümü dərk edəndən bu günə qədər davam etməkdədir". 

"Unikal" xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev “Xalq qəzetinin”Heydər Əliyev Xatirələr işığında” layihəsi çərçivəsində verdiyi müsahibəsində bildirib.

"Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin miqyası o qədər geniş və zəngindir ki, onu hələ uzun illər öyrənəcək və heyrət edəcəyik. Hələ Gəncədə orta məktəbdə oxuduğum dönəmdə, ötən əsr 70-ci illərin sonu-80-ci illərin əvvəllərində daim valideynlərimin, yaxın çevrəmizi təşkil edən insanların ölkə rəhbəri kimi Heydər Əliyevin cəmiyyətdə, gündəlik həyatda yaratdığı canlanma, inkişaf və tərəqqi naminə atılan addımlar barədə söhbətləri, onun barəsində yaranan əfsanələr diqqətimi cəlb etməyə bilməzdi. Tək mən yox, dövrün bütün gənc nəsli Heydər Əliyevin xüsusilə ölkədə qanunçuluğun və ədalətin bərpası, milli irsimizin dirçəldilməsi və qorunması, ədəbiyyatımızın, incəsənətimizin inkişafı, tariximizin öyrənilməsi, ali təhsil məktəblərində ədalətli imtahan qəbulu kompaniyalarını daim diqqətdə saxlaması bir çox digər sahələrdə həyata keçirdiyi işlər haqqındda dolaşan heyrətamiz söhbətlərdən qürur hissi keçirirdi. Məhz ulu öndərin rəhbərliyi illərində respublikamızın qabaqcıllar sırasında hər il SSRİ-nin keçici Qırmızı bayrağına layiq görülməsi ilə bağlı təntənəli yığıncaqlarda, rayonlarda təşkil edilən məhsul bayramlarındakı iştirakı, bölgələrə səfərləri, ölkəmiqyaslı tədbirlərdə doğma Azərbaycan dilində sərrast və məntiqli çıxışları, istər qarşısında çıxış etdiyi auditoriya, istərsə də bizim kimi televiziya izləyiciləri tərəfindən xüsusi maraqla dinlənilirdi. 

Onun bölgələrə, o cümlədən mənim böyüyüb boya-başa çatdığım Gəncəyə səfərləri, ölkəmizin ikinci böyük şəhərinə olan diqqəti və qayğısı, xüsusilə tarixi və mənəvi abidələrimizin – Nizami Gəncəvinin məqbərəsinin, onlarla məscid və mədrəsənin bərpa olunması şəhərin sakinləri tərəfindən böyük rəğbətlə və sevinclə qarşılanırdı. Dövlət rəhbərinin Gəncədə iştirak etdiyi tədbirlərdən birində tarixi şəxsiyyəti görmək mənə də nəsib olmuş, qeyri-adi zəkaya malik liderimizin cəsarətli və qətiyyətli çıxışı, tədbir iştirakçılarını heyran qoyan Azərbaycan dilində qeyri-adi natiqlik bacarığı diqqətimi ilk çəkən xüsusiyyətlərindən olmuş, həmin anlar yeniyetmə kimi məndə dərin və unudulmaz təəssüratlar yaratmışdı”, - deyə Baş prokuror vurğulayıb.