Lənkəranda avtomobildə 5 kiloqramdan artıq narkotik aşkarlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Amil Maliyev və Bakı şəhər sakinləri Nəriman Əzimov və Elçin Ağayev sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobildə saxlanılıblar.
Həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 5 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı A.Maliyev, N.Əzimov və E.Ağayevin həmin narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışını təşkil etmək üçün əldə etdikləri müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 50 nəfər saxlanılıb.