"Gədəbəydə baş verən və bu kimi hadisələr istənilən cəmiyyətə xas haldır. Dövlətin də əsas funksiyası onu qanun  çərçivəsində həll etmək və yoluna qoymaqdır".  

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputatı Elnur Allahverdiyev deyib. 

Onun sözlərinə görə, təəssüf ki, yaşayan hadisədən istifadə edib öz məkrli niyyətlərini həyata keçirən şəxslər və dairələr var.

“Açıq görünür ki, onların qarşısında əsas hədəf vətəndaşla polisi, xalqımızla dövləti üz-üzə qoymaq, nifaq salmaqdır. Şübhə yoxdur ki, onların bu məqsədi həmişəki kimi gözlərində qalacaq. Çünki Azərbaycanda dövlətlə xalqı, insanları qoruyan hüquq-mühafizə xidmətlərini bir-birinə bağlayan tellər güclüdür və sarsılmazdır. Bunun müasir tarixdə bir çox nümunələri var. Sosial şəbəkələrdə məsuliyətsiz, qızışdırıcı şərhlər yazan şəxslər və bəzilərini buna sövq edən dairələrin əsas məqsədi də məhz budur”. 

O qeyd edib ki, polis də bir insandır: “Hər bir kollektivdə kimsə səhv edə bilər. Əgər polis də səlahiyyətlərini aşıbsa, o, mütləq qanun və təqdimatlara əsasən ya cəzasını alacaq, ya da barəsində müvafiq ölçü götürüləcək. Belə faktlar çoxdur. Polis bu kimi məlumatları cəmiyyətlə bölüşür. Unutmayaq ki, polis vətənin bütövlüyü uğrunda çoxlu şəhid verib, qazi olanı var. Polisdə də səhv edən əməkdaş var. Əminəm ki, səhv əməlin qiymətinin verilməsinin öz qaydası var. Hər kəsi ayıq olmağa çağırıram”.

Anar Kəlbiyev