“Gədəbəyin Söyüdlü kəndində qoca qadına qarşı polisin kobud rəftarı qəbuledilməzdir. Əminəm ki, bu hərəkətə hüquqi qiymət veriləcək”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Gədəbəyin deputatı Sevinc Hüseynova deyib. 

Deputat bildirib ki, hazırda rayonda hadisələrlə bağlı müvafiq araşdırmalar aparılır, ilkin məlumatlar olsa da, nəticə gözlənilməlidir: 

“Söyüdlü kəndində əhalinin əsas məşğulluq sahəsi əkinçilik, maldarlıqdır. Sovet dövründə bu kənd “alimlər kəndi” kimi də tanınır. Söyüdlü kəndinin əhalisi I və II Qarabağ müharibəsi zamanı vətəninə xidmət edib. Rayonumuzda baş verən hadisə məndə təəssüf hissi doğurur. Dağın başında halal əməkləriylə övlad böyüdən insanların ekoloji sağlam mühitdə yaşamaq istəyi onların hüququdur. Hadisə zamanı qoca qadına olan polisin kobud rəftarı qəbuledilməzdir. Əminəm ki, bu hərəkətə hüquqi qiymət veriləcək”. 

O, bu hadisənin necə yarandığına da münasibət bildirib: “Bu hadisənin Laçın-Xankəndi yolunda ekofəallarımız nəticələr əldə edəndən, sülh müqaviləsi ilə bağlı irəli addımlar atılan zaman baş verməsi suallar yaradır. Ucqar kənddə bu hadisənin yaranmasının arxasında təbii ki, kimlərsə dayanır. Bu qüvvələrin niyyətləri gözlərində qaldı. Hadisənin qarşısı aidiyyəti qurumlar tərəfindən dərhal alındı və reaksiya verildi. Birmənalı olaraq əminəm ki, Söyüdlüdə iş aparan hüquq mühafizə orqanları, həm də Komissiya bu problemi həll edəcəklər. Sakinlərimizin ekoloji çirklənmə ilə bağlı müraciətləri vaxtında həll olunacaq. Düşünürəm ki, bu hadisəni törədənlər öz layiqli cəzasını alacaqlar”.

Anar Kəlbiyev