"Bazarlarda ciddi bahaçılıq var və bunun səbəbi dünyada gedən proseslərdir. Onun üçün də aparılan mübarizələrə baxmayaraq qiymətlərdə enmə yox, qalxma müşahidə edilir və bu da əhalimizin kasıb hissəsini daha çox əzir. Hökumət tərəfindən, İqtisadiyyat və Maliyyə nazirlikləri tərəfindən tədbirlər görülür və bu yaxşıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. 

"Təklif edirəm ki, xarici ölkələrdən Azərbaycana idxal edilə biləcək qiyməti daha aşağı, amma keyfiyyətli məhsulları müəyyən etmək üçün işlər aparılsın. Aidiyyatı dövlət qurumlarının xarici ölkələrə nümayəndələri ezam oluna bilər ki, onlar bu sahədə araşdırma və danışıqlar aparsın. Ikinci təklifim isə dövlət tərəfindən himayə olunan və dəstək verilən ucuz supermarketlərin həm hər bir rayonda, həm də şəhərlərdə açılmasıdır. Belə supermarketləri bir çox xarici ölkələrdə görmüşəm. Başa düşürəm ki, həmin marketlərə bütün əhali axışa bilər. Onun üçün də xüsusi siyahının hazırlanması və həmin adamlara buraxılış kimi bir sənədin verilməsi mümkündür. Bu siyahı əmək və əhalinin sosial müdafiəsi nazirliyində var. Əlavə olaraq, rayon icra hakimiyyətlərində də ərzaq yardımı verilən, kasıb əhalinin siyahısı var". 

Anar Kəlbiyev