"Dövlət satınalmaları ilə bağlı hər şey gözəldir, şəffafdır, hər kəsin ürəyincədir demək tezdir. Amma, etiraf etməliyik ki, nəhəng işlər də görülüb və keçirilən tenderləri qanuni yollarla udmaq da olur. Təbii ki, tender sonrası da bir sıra obyektiv səbəblərdən yenə qaranlıq proseslər var. Tender məsələləri o qədər maraqların toqquşduğu yerdir ki, bir neçə ayın içində şəffaf standartları yaratmaq da mümkün deyil".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, hər kəsin əlçatanlığını təmin edən etender.gov.az portalı yaradılıb və hər kəs dövlət satınalmalarından istifadə edə bilir:

"Bu faktın özü bizim ölkəmiz üçün gərək inqilabi addım hesab edilsin. Çünki, əvvəllər hər bir dövlət qurumunun yanında 10-15 firma yaradılırdı və tenderləri onlar udurdu. Qalan arxasızlar isə boynu bükük dayanaraq parçalanan tortun heç qırıntılarına da yaxınlaşa bilmirdi. Qırıntıları da süpürüb atırdılar elə yerlərə ki, onu da özlərinə aid adamlar saf-çürük edib aparırdı. Belə bir vəziyyətlə müqayisədə indiki vəziyyətin fərqi Yer kürəsi ilə Mars arasında olan məsafə qədərdir. Satınalmalarla bağlı bir çox iştirakçıların - istər dövlət qurumları, istərsə də adi vətəndaşların narazılığını da dilə gətirmək istəyirəm. Deyək ki, tender zamanı bir işin bazar qiymətinin 100 manat olduğu halda 70 manat qiymət qoyanlar da olur və onlar qalibdir. Nəticə isə acınacaqlıdır. İş çox bərbad görülür, keyfiyyət, dayanıqlıq sıfır və vaxtında təhvil verilmir. Bir ildən sonra tökülüb dağılır və dövlətin qoyduğu vəsait göyə sovrulur. Bilirsiniz bu nəyə bənzəyir? Bazarda quzu əti 18 manatdır, kimsə 12 manata quzu əti təklif edir. Belə çıxır ki, 12 manata alınan quzu əti ya at, ya da xəstə, qoca heyvan ətidir. Gətirib közə qoyub kabab çəkdin, dadı yox, bərk, az qalır dişləri sındırsın. Onu da itə və ya pişiyə atırlar".

Anar Kəlbiyev