14-cü buraxılış mərasimi münasibətilə “Badamdar Estates Hotel”də keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin rəhbərliyi, ATMU-nun professor-müəllim, inzibati heyəti, məzunlar, valideynlər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu öndər Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın dövlət himni səsləndirilib.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov əlamətdar gün münasibətilə məzunları təbrik edib, onlara ixtisaslı kadr kimi gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbədə xalqımızın həmrəyliyindən, Ali Baş Komandanın ətrafında sıx birləşən insanların inamından, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyətindən söz açıb. 

ATMU-nun rektoru İlham Mədətov məlumat verib ki, ATMU müxtəlif ixtisaslar üzrə bakalavr, magistr, doktorantura və əlavə bakalavr təhsili pilləsində kadr hazırlığını həyata keçirir.

O vurğulayıb ki, bu il ATMU-dan bakalavr proqramında  11 ixtisas  üzrə 481 nəfər, magistr proqramı üzrə isə 94 nəfər məzun olub.

ATMU-nun bu ilki məzunlarından 12 nəfərinin eyni zamanda Avstriyanın “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin də diplomuna sahibləndiklərini qeyd edən rektor ümumilikdə, universitet məzunlarının 274 nəfərinin iki diploma malik olduqlarını bildirib. İlham Mədətov məlumat verib ki, ölkəmizdə ilk dəfə ATMU-da nəzərdə tutulan 14-22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr təkcə Azərbaycanda deyil, eləcə də Türkiyənin  nüfuzlu turizm müəssisələrində  peşəkar vərdişlərə yiyələnirlər.O qeyd edib ki, universitet yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqə qurub. ATMU-nun əldə etdiyi nailiyyətlərin ölkə rəhbərinin diqqət və qayğısı, digər dövlət və özəl strukturların universitetimizə səmimi münasibəti nəticəsində mümkün olduğunu xüsusi vurğulayan İ.Mədətov ATMU-nu dəstəkləyən bütün dostlara təşəkkür edib. 

Tələbələrlə bir yerdə olmaqdan məmnunluğunu bildirən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, ali məktəbin məzunu olmaq hər bir gəncin həyatında  önəmli sayıldığı qədər, unudulmayan hadisələrdən biridir. Dövlətimizin turizm sənayesinin inkişafına xüsusi diqqət verdiyini xüsusi vurğulayn F.Nağıyev peşəkar kadrlara hər zaman böyük ehtiyac olduğunu bildirib
”Məzun-2023” tədbirində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbubullayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İlham Məmmədov, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Siyasi partiyalar və Qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin böyük məsləhətçisi Asif Usubəliyev, ”İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Bakı Turizm Peşə məktəbinin direktoru Neylufər Kərimova, PMD Hospitality qrupunun Əməliyyatlar üzrə Baş Direktoru Georges Ubbelohdey, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin AATP üzrə koordinatoru cənab Jens Peter   və başqaları məzunları təbrik edib, onların ölkəmizdə turizm sahəsinin sürətli inkişafına töhfə verəcəklərinə, Azərbaycana sədaqətlə xidmət göstərəcəklərinə əminliklərini bildiriblər.

2022/2023-cü tədris ili məzunlarından ixtisas, fakültə və universitet birincilərinə plaketlər, 2022/2023-cü tədris ili üzrə universitet birincisinə ATMU-nun “Tələbə Fəxri Kitabı” təqdim edilib.
 Məzun törənində ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər  Universitetinin beynəlxalq proqram məzunlarına diplomlar təqdim olunub.

Rəsmi hissənin ardından bədii hissə ilə davam edən məzun törənində  ATMU-nun son bir illik fəaliyyətini əks etdirən video-çarx iştirakçılar tərəfindən maraqla qarşılanıb.