"Hərbi dənizçilər Azərbaycan Respublikasının suverenliyinə qarşı yarana biləcək istənilən təhlükənin qarşısını həm dənizdən, həm də qurudan almağa qadirdir və bu istiqamətdə özünü inkişaf etdirməkdədir. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda dənizdən mühafizə, müdafiə və əlverişli əməliyyat rejiminin saxlanılmasıyla yanaşı, 44 günlük Vətən müharibəsi dövründə Dəniz Xüsusi Təyinatlılarının qəhrəmanlıqlarını Hərbi Dəniz Qüvvələrinin gücü kimi xarakterizə etmək olar".

"Unikal" xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov deyib.

Vitse-admiral bildirib ki, 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatı ilə başlayan döyüşlər zamanı Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları döyüşlərdə fədakarlıq, əzmkarlıq, dözümlülük və qəhrəmanlıq göstərərək Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının və Şuşa şəhərinin azad olunmasında fəal iştirak etdilər:

"2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Qubadlı rayonunun işğaldan azad olunması barədə videogörüntü ilə məruzə edərək xalqı qürurlandıran Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının komandiri idi. Qeyd edim ki, döyüşlər zamanı 9 hərbi qulluqçumuz Vətən uğrunda şəhid oldu, 50 nəfər isə yaralandı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, Vətən müharibəsində xüsusi xidmətlərinə görə fərqlənmiş, şəhid kiçik miçman Zalov Fəqan Amil oğluna ölümündən sonra və daha 2 hərbi qulluqçuya "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, digərləri isə müxtəlif orden və medallarla təltif olunublar".

S.Bəkirov qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğunda Türkiyə modelinin nümunə götürülməsi istiqamətində tapşırığı üzrə Hərbi Dəniz Qüvvələrində də bir çox işlər görülüb:

"Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının göstərdiyi şücaət və qəhrəmanlığı bu hərbi hissənin vacibliyini bir daha isbat etdi və müdafiə nazirinin müvafiq sərəncamına əsasən hərbi hissənin təşkilati-ştat strukturunda bu günün tələblərinə müvafiq əsaslı dəyişikliklər edildi. Şəxsi heyət müttəfiq və tərəfdaş ölkələr tərəfindən təşkil olunan müxtəlif ixtisas kurslarında, təlimlərdə daim iştirak edirlər. Bu gün Hərbi Dənizçilərimiz öz bilik və bacarıqlarını nəinki yerli təlimlərdə, həmçinin beynəlxalq təlim və tədbirlərdə sərgiləməklə yanaşı, yüksək peşəkarlıqla icra edirlər".