Kolonoskopiya dedikdə yoğun bağırsağın arxa keçəcəkdən kor bağırsağa qədər borulu alətlə müayinəsi başa düşülür. Bağırsaqların müayinəsi endoskopik prosedurlara aiddir, istifadə edilən alət isə kolonoskop adlanır. Bu, optik hissədən və işıq mənbəyindən ibarət olan güzgülü alətdir. Bu optik sistem bağırsağın daxili səthini işıqlandırmağa və ona birbaşa yaxud monitorda (videoendoskop) baxmağa imkan verir.
 
"Unikal"
xəbər verir ki, bu barədə Diaqnoz Tibb Mərkəzinin Qastroenterologiya şöbəsinin müdiri Rəfael Həsənov məlumat verib.
 
Onun sözlərinə görə, çoxları üçün bu prosedur həyəcanlı olduğundan xəstəni tam rahat etmək üçün venadaxili anesteziya tətbiq oluna bilər:
 
"Əgər bağırsaqda hər hansı patologoya aşkarlanarsa, o zaman bu manipulyasiyaları yerindəcə etmək imkanı var:
Poliplər görünərsə, götürülür, ya yandırılır
Qanaxma varsa, saxlanılır
Yad cisim varsa çıxarılır
Daralma, bitişmə varsa, bərpa olunur
Şiş varsa, biopsiya materialı götürülür və s."
 
Rəfael Həsənov qeyd edib ki, ümumiyyətlə 45 yaşdan sonra hər bir şəxsə 2 ildən bir kolonoskopiya müayinəsi göstərişdir. Əgər nəsildə bağırsaq xərçəngi varsa, bu insanlar yüksək risk altında olduqlarından, ildə 1 dəfə kolonoskopiyadan keçməlidirlər.
 
"Kolonoskopiya kifayət qədər ziyansız və asan metoddur, amma o, yüksək peşəkar, işində mütəxəssis tərfindən, klinika şəraitində, müasir və steril avadanlıqla icra olunmalıdır", - deyə qastroenteroloq bildirib.