Şəkidə Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, Şəki Şəhər-Rayon Polis Şöbəsində davam etdirilən tədbirdə çıxış edən ŞRPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənov ölkəmizin ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb. 

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.

Daha sonra tədbirdə çıxış edənlər də şöbənin şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edib, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar. Xidmətdə fərqlənən bir qrup əməkdaş isə fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.