Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax rayonu, İlisu kəndində 1 nəfərin qayalıq ərazidən dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Abdullazadə Mirzə Zəfər oğlu qayalıq ərazidən dərinliyi təxminən 10 metr olan dərəyə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xüsusi xilasetmə əməliyyatı sayəsində vətəndaş dərədən çıxarılaraq xilas edilib və təcili tibbi yardım briqadasına təhvil verilib.

***18:02

Qaxda dağlıq ərazidə yıxılaraq xəsarət alan şəxs təxliyyə olunub.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxs Qax rayonu, Zəyəm kənd sakini 1993-cü il təvəllüdlü Zəfər Abdullazadədir.

O hazırda müayinə olunması üçün xəstəxanaya aparılır.

***17:15

Qaxa gələn turist rayonun İlisu kəndində Hamamdərə deyilən ərazidə yıxılaraq xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, hazırda polis, prokurorluq, FHN əməkdaşları və TTY-nın həkim briqadası hadisə yerindədir.

Həmin şəxsin ərazidən çıxarılması istiqamətində tədbirlər görülür.

***16:35

Qaxda turist dağdan yıxılaraq ağır xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun İlisu kəndi ərazisində baş verib.

İlisu kəndindən 7 km məsafədə yerləşən dağlıq ərazidəki "İlisu Dağ Hamamı" adlanan əraziyə gedən turist dağdan yıxılıb.

Əraziyə Qax Yanğından Mühafizə Hissəsinin texnikası və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Hazırda həmin ərazidə xilasetmə işləri aparılır.

Seymur Əli