2 iyul – Azərbaycan Polisi Günü münasibətilə Daşkəsən Rayon Polis Şöbəsində keçirilən bayram tədbirində əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, tədbirin rəsmi hissəsi RPŞ-nin inzibati binasında davam etdirilib. Daşkəsən Rayon İcra Hakimiyyətinin, eləcə də digər qurumların rəhbərlərinin iştirak etdiyi tədbirdə əvvəlcə dövlət himni səsləndirildikdən sonra Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbrik teleqramı oxunub.

Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev tədbirdə çıxış edərək Azərbaycan polisinin, o cümlədən Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçdikləri şərəfli yoldan danışıb. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin Azərbaycan Polisi Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda polis veteranlarına və xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.