“Vaqner” PMC-nin hərbi qiyamları Rusiya təhlükəsizlik qüvvələri arasında fikir ayrılığını daha da artırıb. Yüksək rütbəli generallar ictimaiyyət qarşısına çıxmır. 

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı və Ukraynadakı Rusiya qüvvələrinin komandan müavini general Sergey Surovikin 23-24 iyun 2023-cü il tarixlərində “Vaqner” qrupunun üsyanından sonra ictimaiyyət qarşısına çıxmayıb. Bu arada müdafiə nazirinin müavini general-polkovnik Yunus-Bek Yevkurov da Müdafiə Nazirliyinin rəhbərliyinin 2023-cü il iyulun 3-də televiziya ilə çıxışında iştirak etməyib.

Britaniya kəşfiyyatının məlumatına görə, hər iki generalın həbsi ilə bağlı xəbərləri təsdiqləmək mümkün olmayıb.

“Surovikin Qərbdə qəddar reputasiyası ilə tanınsa da, o, Rusiya ordusunda ən hörmətli yüksək rütbəli zabitlərdən biridir və ona qarşı istənilən rəsmi sanksiya çox güman ki, parçalanma yarada bilər. Potensial olaraq yüksək rütbəli zabitlərin üzərinə düşə biləcək şübhə Priqojinin Rusiya milli təhlükəsizlik cəmiyyətində mövcud parçalanmaları necə uğursuz şəkildə şiddətləndirdiyini vurğulayır”, - Britaniya Müdafiə Nazirliyi bildirib.

Xatırladaq ki, Rusiya Federasiyası Hərbi Hava-Kosmik Qüvvələrinin Ali Baş Komandanı, Ukraynadakı Rusiya Qrupu komandanının müavini Sergey Surovikin “Vaqner” özəl hərbi şirkətinin liderinin dövlət çevrilişinə cəhdindən sonra həbs edilib.   Surovikin daha sonra dindirildikdən sonra sərbəst buraxılıb.

Bundan əvvəl “New York Times” Amerika kəşfiyyatındakı mənbələrə istinadən yazıb ki, Ukraynadakı rus işğalçı qüvvələrinin keçmiş komandanı, rus generalı Sergey Surovikin "Vaqner"çilərin lideri Yevgeni Priqojinin ölkədə hərbi çevriliş planlaşdırdığını əvvəlcədən bilib.

Gülayə Mecid