Meteoroloqların hesablamalarına görə, bu il iyulun 3-ü tarixdə ən isti gün kimi qeydə alınıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, həmin gün bütün planet üzrə orta temperatur yeddi il bundan əvvəl müəyyən olunan rekordu yeniləyib.

Amerika hökumət müəssisəsindən olan alimlər elan ediblər ki, iyulun 3-də dünya üzrə orta temperatur 17,01 dərəcə Selsiyə çatıb. Bundan əvvəlki – 2016-cı ilin avqustunda müəyyən olunan rekord 16,92 dərəcə Selsi təşkil etmişdi.

Alimlər dəqiqləşdirirlər ki, havanın peyk monitorinqinə başlanıldığı 1979-cu ildən bəri 3 iyul ən isti gün hesab olunub. Lakin onlar əmindirlər ki, bu, XIX əsrin sonundan bəri aparılan müntəzəm elmi müşahidələrin bütün tarixi ərzində də rekord göstəricidir.

Cari ilin iyunu meteoroloqların hesablamalarına görə, bütün müşahidə tarixi ərzində planetdə ən isti iyun ayı olub. Alimlər ehtimal edirlər ki, istixana qazları tullantıları səbəbindən ümumi iqlim dəyişməsinin və El-Ninyo təbiət hadisəsinin başlanmasının ahəngi hazırda yeni temperatur rekordlarının müəyyən olunmasına şərait yaradır.