İyulun 3-dən 5-dək olan dövrdə Yer planetinin orta temperaturu rekord həddə çatıb.

"Unikal"  "Associated Press" agentliyinə istinadən xəbər verir ki, ekspertlər "Climate Reanalyzer"in məlumatlarını təhlil edərək belə bir nəticəyə gəliblər.

Sözügedən platforma Yerin orta temperaturunu ölçmək üçün peyk məlumatlarından və kompüter alətlərindən istifadə edir. İyulun 5-də yerin orta temperaturu 17,18 dərəcə olub. İyulun 3-də isə əvvəlki rekord qeydə alınıb - Selsi şkalası üzrə 17,01 dərəcə.

Alimlər Yerin istiləşməsini izləmək üçün adətən daha uzun müddətlər, aylar, illər və onilliklər ərzində ölçmələr aparırlar. Buna baxmayaraq, mütəxəssislərin fikrincə, hər gün qeydə alınan yüksək temperatur iqlim dəyişikliyinin təsirindən xəbər verir.

Məlumata görə, 2023-cü ildə rekord dərəcədə isti hava şəraiti müşahidə oluna bilər, çünki əsasən kömür, təbii qaz və neft kimi qalıq yanacaqların yandırılması nəticəsində insan səbəb olduğu iqlim dəyişikliyi atmosferi istiləşdirir.

Seymur Əli