"Türkiyə Şimali Atlantika Alyansının (NATO) açıq qapı siyasətinə sadiq qalmağa davam edir".

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Türkiyə lideri bildirib ki, Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü və etibarlı ordularından biridir: "Dünyadakı əksər dövlətlərin tarixi bir neçə əsrlə məhdudlaşsa da, biz 2232 il əvvəl nizami ordu qurmuş bir xalqıq. BMT-dən tutmuş, NATO çərçivəsində həyata keçirdiyimiz missiyalara qədər, harada iştirak etmişiksə, hamısının öhdəsindən gəlmişik. Biz heç vaxt nə millətimizin, nə ordumuzun, nə də tabeliyində fəaliyyət göstərdiyimiz beynəlxalq təşkilatların nüfuzuna xələl gətirməmişik".

Ərdoğan onu da qeyd edib ki, Türkiyə Finlandiyanın üzvlüyünü təsdiq etməklə prinsipial mövqeyini nümayiş etdirib: "Amma terrorçuları qoruyanlara, terrorla mübarizədə lazımi tədbirləri görməyənlərə münasibətimizi göstərməkdən çəkinmədik. Türkiyə İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyəcək. NATO çətiri altında həmrəylik nümayiş etdirək deyənlər Türkiyədə çevrilişdə iştirak edib, 40 ildir minlərlə insanımızı qətlə yetirmiş qatillərə qucaq açıb". 

Nuranə Abbasova