Almaniya Xarici Kəşfiyyat Xidməti (BND) Rusiyada hərbi qiyam zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin arasında olan danışıqlarını dinləyib.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın WDR və NDR media korporasiyaları məlumat yayıb.

Telefon danışığının detalları açıqlanmayıb. BND nümayəndəsi məlumatı şərh etməkdən imtina edib. 

"Kəşfiyyat Xidməti adətən hər hansı tapıntı və ya kəşfiyyat fəaliyyəti ilə bağlı məsələlərə açıq şəkildə şərh vermir", - BND sözçüsü deyib.

Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.

Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.