ABŞ və Almaniya nümayəndələri Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxacaq.

“Unikal” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Bildirilir ki, İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO-nun qarşıdan gələn sammitində Ukrayna prezidenti Vladimir Zelenski alyansa üzv ölkələrin bütün rəhbərlərinə ölkəsini qəbul etmək xahişi ilə açıq şəkildə müraciət etməyi planlaşdırsa da, ABŞ və Almaniya buna qarşı çıxıb. Üstəlik, onlar NATO-nun digər üzvlərinə onların mövqelərinə qoşulmaq üçün təzyiq göstərirlər.

Nəşrin yazdığına görə, Ukrayna lideri müraciətə icazə verilmədiyinə görə “son dərəcə qəzəblidir”.

Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyü Latviya, Litva, Estoniya, Polşa, Bolqarıstan, Rumıniya, İsveç, Türkiyə və Fransa tərəfindən dəstəklənir. 

Nuranə Abbasova