2023-cü ildə ibtidai sinif üzrə sertifikasiya imtahanı üzrə müəllimlərin 55 faizi 30-50 bal, 35 faizi 0-29 bal, 10 faizi isə 51 və yuxarı bal toplayıb. Nəticə ondan ibarətdir ki, müəllimlərin 35 faizi sertifikasiyadan keçə bilməyib. Sertifikasiyadan keçə bilməyən müəllimlərlə bağlı hansı addım atıla bilər?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov "Unikal"a bildirib ki, bu problemin kökündə ali məktəblərdə təhsilin keyfiyyətinin və məzmununun yüksək səviyyədə olmaması durur.

"Bu gün universitetlərdə dərs keçirilir, imtahan təşkil edilir. Bunun ardınca deyirik ki, bu tələbələr yaxşı təhsil almayıb, onları yenidən sertifikasiyadan keçiririk. Elm və Təhsil Nazirliyi prosesdən çıxış yolunu bunda görür. Hesab edirəm ki, bu proses ali məktəblərdə təhsilin səviyyəsinin yüksəldilməsi və məzmununun artırılması ilə paralel olaraq aparılmalıdır. Bu formada işlər həyata keçirilməsə, gələcəkdə çox çətin olacaq.

Problem ondandır ki, universitetlər təhsilin keyfiyyətinin artırılması ilə bağlı ciddi addım atmırlar. Buna görə də savadsız müəllimlərin yetişdirildiyinin şahidi oluruq. Növbəti mərhələdə universitetlərdə təhsilin məzmun və keyfiyyətini artırmalıyıq ki, bu problemləri yaşamayaq. Bu addımları atmasaq, istədiyimiz nəticələrə nail ola bilməyəcəyik. Bu  məsələlərə həssas yanaşmalıyıq. Bu istiqamətdə addımlar atılmalıdır. Sertifikasiya davamlı çıxış yolu olmalı deyil. Həm universitetdə imtahan keçirək, həm də bu addımları ataq, bu çıxış yolu deyil", - deyə deputat bildirib.

Anar Kəlbiyev