Azərbaycan Milli Paralimpiya Komitəsinin Növbədənkənar Ümumi Yığıncağı keçirilib.
“Unikal” xəbər verir ki, növbədənkənar ümumi yığıncaqda 2022-ci il ərzində görülən işlər barədə hesabat, İlqar Rəhimovun Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının prezidenti seçilməsi ilə əlaqədar Milli Paralimpiya Komitəsi prezidentliyindən öz arzusu ilə istefası, eləcə də Komitənin nizamnaməsinə dəyişikliyin edilməsi və rəhbər orqanının formalaşdırılması kimi məsələlərə baxılıb.
Gənclər və idman naziri Fərid Qayıbov ölkədə idmanın inkişafı sahəsində görülən işlərə diqqət çəkib. Nazir Komitənin sabiq prezidenti İlqar Rəhimova gələcək fəaliyyətində uğurlar arzu edib.
İ. Rəhimov çıxışında Komitəyə gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıb və üzvlərdən istefasının qəbul edilməsini xahiş edib.
Sonra İlqar Rəhimovun istefası məsələsinə baxılıb və qəbul edilib.
Gündəliyə uyğun olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin yeni prezidenti, vitse-prezidentləri və İdarə Heyətinin üzvləri seçilib.
Səsvermənin nəticəsinə əsasən Hidayət Abdullayev komitənin yeni prezidenti, İlham Zəkiyev və Fuad Hacıyev vitse-prezidentlər, Jalə Əhmədova və Ramilə Mahmudova isə İdarə Heyətinin üzvləri seçiliblər.