"Ziraat Bank Azərbaycan" 2023-cü ilin ikinci rübünə dair maliyyə hesabatlarını yayımlayıb. Hesabata əsasən Bank ilin əvvəlindən başlayan müsbət artım dinamikasını davam etdirərək müştərilərinin etimatını qazanmağa davam edib.
"Unikal" xəbər verir ki, dərc edilmiş hesabatlara əsasən, bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4% artaraq 348 mln. manata çatmışdır. Portfelin mühüm hissəsini Bankın prioritet istiqamətlərindən olan və real sektora dəstəyini göstərən biznes kreditlər təşkil edib.
Belə ki, 2023-cü ilin 2-ci rübündə Bankın real sektorun maliyyələşdirilməsinə ayırdığı vəsaitlər 335 mln. manatı keçib. Bankın depozit portfeli üzrə də əhəmiyyətli artım müşahidə edilib. Təqdim edilən maliyyə nəticələrinə görə 2023-cü ilin ilk 6 ayında müştərilərin banka etibar etdiyi vəsaitlər ötən ilin ilk altı ayı ilə müqayisədə 98,6% artaraq 452 mln manatı artıq olmuşdur. Bankın əməliyyat mənfəəti də ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.4% artaraq 10 mln manatı keçmişdir.
Maliyyə hesabatına əsasən, bank 2023-cü ilin ilk altı ayı ərzində 4.128 mln. manat xalis mənfəət əldə etmişdir.
Bankın uğurları bununla da bitmir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın aktivləri 52.1 % artaraq 670 mln manatı keçmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.