Aqrar Xidmətlər Agentliyinin (AXA) və Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə bölgələrdə toxumçu fermerlərlə görüşlərin keçirilməsi davam edir. Növbəti görüş Tovuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzində baş tutub.

"Unikal" xəbər verir ki, görüşdə Tovuz, Ağstafa, Göygöl, Qazax, Şəmkir, Samux rayonlarında toxumçuluq fəaliyyəti ilə məşğul olan 30-dan çox fermer iştirak edib.

Tədbiri giriş sözü ilə açan Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini  Anar Əzimov kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması əsas  prioritet vəzifələrdən olduğunu nəzərə çatdırıb. Bol və keyfiyyətli məhsul istehsalının əsasının sertifikatlı toxumdan başlandığını deyən AXA-nın sədr müavini bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb. Fermerlərin sertifikatlı toxuma əlçatanlığının təmin olunması, payızlıq buğda və arpa səpininin optimal müddətdə aparılması üçün toxumların kondisiyaya çatdırılması və sertifikatlı toxumdan istifadənin  vacibliyi nəzərə çatdırılıb. 

Sonra Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva çıxış edərək  bildirib ki, regionlarda toxumçuluğun elmi əsaslarla inkişafı daimi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Assosiasiya tərəfindən toxumçulara daim dəstək göstərilir, qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün məsləhət və tövsiyələr verilir. Fermerlərin yüksək keyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün vacib amillərdəndir.

Görüşdə toxumların vaxtında sertifikatlaşdırma prosesini həyata keçirmək, eləcə də məlumatların vaxtında EKTİS-ə daxil edilməsinin vacibliyi nəzərə çatdırılıb. Həmçinin, toxum istehsalçı və istifadəçilərinin qarşılaşdığı problemlər dinlənilib, bu sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələr və hədəflər müzakirə olunub. 

Sonda toxumçularla müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib. Bölgələrdə görüşlər davam edir.