"Qarabağda müharibə qurtarsa da, təhlükə bitməyib. İşğaldan azad edilən ərazilərdə basdırılmış mina və partlayıcı qurğular onilliklər sonra da təhlükə yaratmağa davam edir".
"Unikal" xəbər verir ki, bu barədə "Serbiyanın Radio və Televiziyası" (RTS) dövlət qurumunun süjetində deyilir.
Nəşrin məlumatına görə, Ağdam minalarla ən çox çirklənmiş rayon hesab olunur.
RTS-in çəkiliş qrupu istehkamçılarla görüşüb, minatəmizləmə əməliyyatlarının gedişi ilə maraqlanıb.
"Bir vaxtlar Qarabağın ən böyük şəhəri olan Ağdamı həyata qaytarmaq üçün keçmiş cəbhə xəttində ilk olaraq istehkamçılar hərəkətə keçiblər. 2020-ci ilin noyabr ayından burada on minlərlə mina və partlayıcı qurğu tapılaraq məhv edilib. Bununla belə, işlər tamamlanmaqdan çox uzaqdır", - RTS qeyd edib.
Ağdam rayon minatəmizləmə xidmətinin rəisi Xaliq Zülfüqarov RTS-ə bildirib ki, təmizləmə işlərinin bitməsi ilə bağlı təxmini vaxt söyləmək belə çətindir, torpaq tamamilə minalarla basdırılıb:
"Bəzi əraziləri təhlükəli hesab etmirsən, amma qazmağa başlayanda minalara rast gəlirsən və onların sayı gözlənildiyindən də çoxdur. Biz başlayanda cəmi 40-a yaxın istehkamçı var idisə, indi 250-dən çox insan, texnika və xüsusi təlim keçmiş itlərdən istifadə edilir”, - xidmət rəisi deyib.
Nəşr daha sonra yazır ki, partlayıcı qurğuların aşkar edilməsi və məhv edilməsi zamanı onların bir-birinin üstündə yerləşməsi əlavə təhlükə yaradır. Buna görə də, dronlar onlara kömək edir, lakin insan amili həlledicidir. Dronlardan minalardan təmizləmə üçün deyil, yer səthinə yaxın və ya yerdə olan cihazları axtarmaq üçün istifadə olunur.
RTS-in məlumatına görə, 2020-ci ildən sonra Qarabağda mina və partlayıcı qurğuların partlaması nəticəsində 7 Azərbaycan əsgəri və 18 mülki şəxs həlak olub, 100-dən çox insan yaralanıb.
"Proses illərlə çəkəcək. Jurnalistlərə minatəmizləmə prosesini izləməyə və bəzən də iştirak etməyə icazə verilir", - nəşr əlavə edib.