"Dollara olan tələbin kəskin artma səbəbi kimi bir sıra məqamları qeyd etmək olar. Amma bunlar arasında əsas amil yeni tədris mövsümü ilə əlaqədar dollara tələbin artmasıdır".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, məktəb ləvazimatlarının, formaların və digər idxal məhsullarının ölkəyə gətirilməsi prosesinin başlanması dollara olan tələbi artırıb:
"Digər bir amil isə xaricdə təhsil alan tələbələrin növbəti tədris ilinə hazırlıqlara başlamasıdır. Nəzərə alsaq ki, bu proses hələ bir müddət davam edəcək, qarşıdakı müddətdə dollara tələbinin yüksək qalması mümkündür. Yuxarıda qeyd etdiyim amillər bir-iki aylıq dövrü əhatə edəcək. Deməli, dollara tələbin artım dinamikası davamlı olmayacaq. Ona görə də manata hər hansı ciddi təzyiqdən söhbət gedə bilməz. Ölkənin valyuta ehtiyatları (hazırda 66 milyard dollar) və mövcud neft qiymətləri manata qorxu yaratmadan, onun "relax"ına imkan verəcək", - deyə ekspert qeyd edib.