Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.
"Unikal" xəbər verir ki, bununla bağlı “AzInTelecom” MMC mütəmadi olaraq, monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Nəticədə surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.
Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 11056 IMEI koda “klon” statusu verilib. Həmin IMEI kodlar son üç ayda 1 129 956 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 598 149 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazın bazar qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.
Bəzən dövlət rüsumunu ödəməmək üçün daha əvvəl qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətinin yeni telefonlara köçürülməsi halları baş verir. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə rastlaşır.
Bu cür hallarla qarşılaşmamaq və aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar.
Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib daha sonra portala daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənmək olar.