“83 il əvvəl aşkar edilən Abşeron yatağı, bu gün Azərbaycan üçün Şahdənizdən sonra ən önəmli qaz yatağı sayıla bilər. Çünki bu yataq təkcə 360 milyard m3 olan qaz həcminə görə deyil, həm də bir çox yeniliklərə görə Azərbaycan üçün önəmlidir”.
"Unikal" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.
Ekspert qeyd edib ki, ilk dəfə Azərbaycan şirkəti (SOCAR) belə dərin və çətin şəraitdə bir yatağın operatoru olub və bunu uğurla tamamlayaraq, ilkə imza atıb:
“Burda tətbiq edilən məsafədən mobil idarəçilik də Azərbaycanda ilk hesab edilə bilər. Yataqla bağlı sazişlərdə digər yataqdan daha çox və dəyişkən olub. Belə ki, 1997-ci ildə imzalanan birinci sazişdə SOCAR 50%, Chevron 30%, Total 20% pay sahibi idi. 2009-cu ildə ikinci saziş SOCAR və Totalın hər ikisinə 50% payla imzalandı. Bu gün isə SOCAR, “TotalEnergies” və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında imzalanma mərasimi keçirilib. Proseslər (satınalma) tamamlandıqdan sonra ADNOC şirkəti Abşeron qaz-kondensat yatağında 30% iştirak payı əldə edəcək, SOCAR və TotalEnergies isə hər biri 35%-ə sahib olacaqlar. Bu həm də ADNOC üçün xarici ölkədə belə sahəyə ilk investiya yatırımıdır”.
Eldəniz Əmirov bildirib ki, hər bir ölkənin həm neft, həm də qeyri-neft sektoruna investiya cəlbinə ciddi ehtiyacı vardır:
“ADNOC-un bu gəlişi öz ardınca Azərbaycanda digər sahələrə də öz təsirini göstərə və yeni ərəb investorlarının Azərbaycana marağını artıra bilər. Yeri gəlmişkən, bu yatağın ehtiyatlarının bu gün deyiləndən (360 mlrd m3) çox olacağı şübhəsizdir. Əvvəllər Şahdənizdə 500 milyard m3 deyilirdi. Hasilat başlanandan son proqnoz 2 dəfədən çox artırıldı. 1,2 trilyon m3 qaz və 240 milyon ton kondensat olduğu təsdiqləndi. Odur ki, "Abşeron"da da sürpriz qaçılmazdır”.