Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postunda İstanbul-Bakı aviareysi ilə Türkiyədən Azərbaycana gələn vətəndaşın üzərinə və əşyalarına yoxlama keçirərkən külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
Bildirilir ki, yoxlama zamanı həmin şəxsə məxsus çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 5 qabda gömrük nəzarətindən gizlətdiyi, ümumilikdə külli miqdarda 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qətranı narkotik vasitələri, 3,202 qram MDMA psixotrop maddəsi, tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan külli miqdarda, 28 həb “Lyrica 150 mg” və 28 həb “Lyrica 300 mg” kapsulları aşkar olunaraq götürülüb.
Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) və 240.3.2-ci (Güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla 1 nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs seçilib, 1 nəfər şəxsin barəsində isə istintaqdan gizləndiyi üçün axtarış elan edilib.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.