“Heydər Əliyev İli" çərçivəsində qədim Azərbaycan torpağı olan Naxçıvanda “Diaspor Gənclərinin IV Yay Düşərgəsi”nin rəsmi açılış mərasimi keçirilib.

“Unikal” xəbər verir ki, Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra "Heydər Əliyev və diaspor quruculuğu" mövzusunda komitənin hazırladığı sənədli film və əvvəlki Yay düşərgələrinin iştirakçılarının salamlama videosu təqdim olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli və Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova çıxış edərək, düşərgə iştirakçılarını salamlayıb, düşərgənin işinə uğurlar arzulayıblar.

Tədbir bədii hissə ilə yekunlaşıb.

Qeyd edək ki, avqustun 18-dək davam edəcək Diaspor Gənclərinin IV Yay Düşərgəsi Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə gerçəkləşdirilir.

Düşərgənin tərəfdaşı Heydər Əliyev Fondu, təşkilati dəstək Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyinə məxsusdur.

Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan IV Yay Düşərgəsində 53 ölkəni təmsil edən 100-dən çox gənc iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Layihənin Heydər Əliyevin bir əsr öncə dünyaya gəldiyi qədim Naxçıvan şəhərində keçirilməsi xüsusi önəm daşıyır.