Rusiya prezidenti Vladimir Putin Dağıstanın Dərbənd şəhərinin inkişafı üzrə tədbirlərin həyata keçirilməsi üçün 2024-2026-cı illərdə federal büdcədən əlavə azı 5 milyard rubl ayrılması barədə göstəriş verib. 

“Unikal” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan məlumatda deyilir. 

"2024-2026-cı illərdə federal büdcədən Dağıstan Respublikasının büdcəsinə Dərbəndin inkişafı tədbirlərinin həyata keçirilməsi üçün əlavə azı 5 milyard rubl ayrılsın", - deyə məlumatda bildirilir.

Bundan əlavə, Putin həmçinin hökumətə respublikanın icra hakimiyyətləri ilə birlikdə 2027-ci ilə qədər regionun hərtərəfli inkişafı üzrə fəaliyyət planının yenilənməsini təmin etməyi tapşırıb. Hesabat dekabrın 15-dək təqdim edilməlidir.

Xatırladaq ki, iyunun 29-da Putin Dərbəndə səfər edib, səfərin sonunda sakinlərlə söhbət edib. Rəisət Akipova adlı qızın prezidentlə ünsiyyət qura bilmədiyi üçün ağlayarkən çəkilmiş fotoları internetdə yayıldıqdan sonra Putin qızı valideynləri ilə birlikdə Kremlə dəvət edib. İyulun 4-də səkkiz yaşlı Raisat Putinin ofisində olub. Putin Raisata söz verib ki, Dərbəndin inkişafına vəsait ayıracaq və maliyyə naziri Anton Siluanovla əlaqə saxlayaraq 5 milyard rubl ayrılması qərarını açıqlayıb.

Nuranə Abbasova