Polşa  Rusiya ilə müharibədə Ukraynanı daim dəstəkləyəcək, lakin Varşava öz milli maraqlarını qorumalıdır. Rəsmi Kiyev bunu anlayışla qarşılamalıdır"

"Unikal" xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda bildirib.

Həftəlik “Sieci” jurnalına müsahibəsində A.Duda qeyd edib: “Polşa həm daxili bazarını, həm də Avropa İttifaqı (Aİ) bazarını qorumağa borcludur.

Rəsmi Varşava Avropa Komissiyasının qərarına uyğun olaraq sentyabrın 15-dən etibarən Ukraynadan Polşaya taxıl ixracına embarqo qoyub. Polşa hökuməti Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı uzadacaq.

  "Aydındır ki, biz ardıcıl olaraq Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsini dəstəkləyirik, lakin bizim ən mühüm öhdəliyimiz Polşanın maraqlarını, daxili və Aİ bazarını qorumaqdır. Dövlətlər arasında meydandaki tarixi şərtləri də qəbul etmək bizim marağımıza uyğundur”.

Polşa prezidenti özünün xarici siyasət üzrə baş müşaviri Martsin Pjidaçın (Marcin Przydacz) "Rəsmi Kiyev Varşavadan aldığı yardımı qiymətləndirmədi" sözlərinə də münasibət bildirib: “Ukraynalı dostlarımız hər gün mediada “Təşəkkür edirik”, “Sağ olun” deyirlər. Biz bunu çox eşidir və yüksək qiymətləndiririk, lakin bəzi məsələlərdə, xüsusilə öz maraqlarımız və öhdəliklərimizlə bağlı Ukrayna hakimiyyətindən anlayış gözləyirik”.

Xatırladaq ki, Polşanın Ukraynadakı səfiri Bartoş Çixovski (Bartosz Cichowski) avqustun 1-də Martsin Pjidaçın “Ukrayna Polşadan aldığı dəstəyə görə daha çox minnətdarlıq etməlidir” sözlərindən sonra Ukrayna Xarici İşlər Nazirliyinə çağırılmışdı. Polşa Xarici İşlər Nazirliyi də Ukraynadakı səfirinə zəng edərək yaranmış vəziyyətə münasibət bildirmişdi.

Polşanın baş naziri Mateuş Moravetski sözügedən mövzu ilə bağlı sosial şəbəkədə belə paylaşım etmişdi: “Rusiyanın Ukraynanı işğal etdiyi gün (24 fevral 2022-ci il) Kiyevdə qalan yeganə nümayəndə - Polşa səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılmamalıydı”.