Azərbaycanda korrupsiyadan tamamilə azad olan dövlət qurumu varmı?
03:04 07-04-2012
İQTİSADİYYAT
Azərbaycanda korrupsiyadan tamamilə azad olan dövlət qurumu varmı?
Əliməmməd Nuriyev: "Bu gün ölkədə korrupsiyaya qarşı mübarizədə bir məmur müqaviməti var"
Azərbaycanda hökumət rəsmiləri inadla iddia edir ki, ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir, bu kateqoriyadan olan cinayət faktlarının aşkar edilməsi istiqamətində əməli tədbirlər həyata keçirilir. Hətta "görülən tədbirlər nəticəsində artıq bir sıra dövlət qurumlarında korrupsiyanın səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldığı" iddia olunur.
Müstəqil ekspertlər və KİV isə fərqli fikirdədir. Onlar hesab edirlər ki, Azərbaycanda korrupsiyaya qarşı real mübarizədən danışmaq absurddur. Hakimiyyət sadəcə, kiçik çaplı, səlahiyyətsiz məmurları xırda məbləğli rüşvət faktları üstündə yaxalayır və bunu "korrupsiyaya qarşı mübarizə" adı altında cəmiyyətə və dünyaya sırımağa çalışır. Ölkədə korrupsiyanın "yuxarılar"da yuva saldığını və bu zaman yüz milyonlarla manatın mənimsənilməsindən söhbət getdiyini düşünən əksəriyyət buna rəğmən nazir, komitə sədri, nazir müavini, icra başçısı, idarə rəisi səviyyəsində heç bir faktın üstünə gedilməməsini iqtidarın "korrupsiyaya qarşı mübarizə siyasəti"nin səmimiyyətsizliyi, başdansovduluğu və gözdən pərdə asm hesablanması ilə izah edirlər.
Konstitusiya Araşdırmalar Fondunun sədri, sabiq millət vəkili Əliməmməd Nuriyev deyir ki, müstəqilliyin ilk dövrlərində korrupsiyaya qarşı mübarizə repressiv xarakter daşıyıb: "Müstəqilliyin ilk illərində bu termin dilimizdə olsa da, korrupsiya ilə bağlı müvafiq qanunvericilik yox idi. Amma 2004-cü ildə Azərbaycanda "Korrupsiyaya qarşı mübarizə haqqında qanun" qəbul olundu. 2005-ci ildə isə həmin qanun qüvvəyə mindi. Eyni zamanda, 2004-2006-cı illərdə Korrupsiyaya qarşı mübarizə haqqında I Dövlət Proqramı qəbul olundu. Həmin vaxtdan başlayaraq bu mübarizə daha kəskin xarakter aldı. 2007-ci ildə isə şəffaflığın artırılması ilə bağlı II Dövlət Proqramı qəbul olundu. Bu proqram 2007-2011-ci illəri əhatə etdi. Həmçinin korrupsiyaya qarşı qanunvericilik bazası və institusional təsisatlar yaradıldı. Korrupsiyaya qarşı mübarizə ixtisaslaşmış qurumlara həvalə olundu. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Komissiyası ötən illər ərzində bu istiqamətdə sistemli tədbirlər həyata keçirməyə başlayıb. Bir çox dövlət orqanında korrupsiya qarşı mübarizə ilə bağlı daxili qurumlar yaradılıb. Çünki müvafiq qanunda da yazılıb ki, hər bir dövlət qurumu korrupsiyaya qarşı mübarizə aparmalıdır. Sonuncu təqdirəlayiq addım kimi korrupsiyaya qarşı qurumlar sırasına maliyyə-kəşfiyyat orqanının yaradılmasını əlavə edə bilərik. Bununla da pul köçürmələri, çirkli pulların yuyulması ilə bağlı konkret tədbirlər həyata keçirildi".
Nunriyev hesab edir ki, 2011-ci ildən sonra korrupsiyaya qarşı mübarizə yeni bir mərhələyə qədəm qoyub: " 2011-ci il yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti Nazirlər Kabinetinin 2010-cu ilin yekununa dair iclasında bu istiqamətdə bir çox xüsusi əhəmiyyətə malik fikirlər səsləndirdi və tapşırıqlar verdi. Həmin il yanvarın 27-də isə Korrupsiyaya qarşı mübarizə komissiyasının geniş tərkibdə iclası oldu. Burada bütün dövlət qurumlarının nümayəndələri iştirak edirdi. Həmin iclasda daha çox korrupsiyaya məruz qalan qurumların adları qeyd olundu. Bu istiqamətdə tədbirləri gücləndirmək üçün hökumətə daha konkret tapşırıqlar verildi. Daha sonra isə qanunvericilik aktlarına bir çox dəyişiklik edildi. Korrupsiyaya qarşı çox mühüm əhəmiyyətə malik addımlardan biri də gömrük orqanları, dövlət yol polisi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qərarlar verilməsi oldu. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri genişləndirildi. Həmin quruma izləmək və axtarış aparmaq səlahiyyəti verildi ki, bu da çox mühüm bir qərar idi. Çünki korrupsiya cinayətlərində tərəflərin maraqları təmin olunduğu üçün bu cinayətlər barədə məlumat verməyə tərəflər çox vaxt maraq göstərmirdi. Bu cinayətlərdə mütəşəkkillik olduğu üçün onu aşkarlamaq bir qədər çətin idi. Axtarışlar aparmaq barədə tapşırıqların digər qurumlara verilməsi bir çox halda informasiyanın sızmasına səbəb olurdu ki, bu da həmin halların vaxtında qarşısının alınmasına maneçilik törədirdi. Axtarışlar aparılması ilə bağlı səlahiyyət verilməsi bu orqanın səlahiyyətlərini də genişləndirdi. Bu da əhəmiyyətli amillərdən biri idi. Həmçinin biznesin inkişafına əngəl yaradan əsasız yoxlamaların aradan qaldırılması üçün "Yoxlamaların reyestri haqqında" qanun qəbul olundu. Bundan sonra bütün yoxlamalar reyestrdən keçməli oldu. Digər tərəfdən, vahid pəncərə sisteminin daha geniş səviyyədə tətbiqinə başlanıldı. Bu da çox vacib olan məsələ idi".
Nuriyev xatırladıb ki, ölkə başçısı dəfələrlə ölkənin regionlarına səfər edərkən korrupsiyaya qarşı mübarizənin kampaniya xarakteri daşımadığını bildirib: "Prezident bu tədbirlərin ardıcıl xarakter daşıyacağını dəfələrlə vurğulayıb. Vətəndaşlar, fiziki və hüquqi şəxslər də dəvət edilib ki, korrupsiya ilə bağlı məlumatlar müvafiq strukturlara çatdırılsın. Həmçinin mərkəzi icra orqanlarında elektron xidmətin göstərilməsi ilə bağlı fərman bu işlərin davamlı olacağına növbəti sübut idi. Çünki bir çox dövlət orqanının fəaliyyətində və göstərdikləri xidmət zamanı vətəndaş-məmur təmaslarının minimuma endirilməsi çox vacib olan məsələlərdən biri idi. Çünki vətəndaş-məmur təmaslarının minimuma endirilməsi korrupsiyaya qarşı mübarizənin effektini artırır. Bu baxımdan dövlət orqanlarının göstərdikləri xidmətlərin internet üzərində həyata keçirilməsi məmur-vətəndaş təmaslarını xeyli dərəcədə azaldır. Artıq bir sıra dövlət orqanları elektron xidmətlər göstərməyə başlayıb".
Ekspert deyir ki, bu gün Azərbaycanda da korrupsiyaya qarşı mübarizədə bir məmur müqaviməti var: "Məmur müqavimətinin qarşısının alınması üçün korrupsiyaya qarşı mübarizə aparan strukturların cəmiyyətlə möhkəm birliyinə ehtiyac var. Vətəndaş cəmiyyəti və media da bu istiqamətdə daha mühüm rol oynaya bilər. Amma bu günədək vəzifəli şəxslərin gəlir deklarasiyasını təqdim etməsi məsələsi reallaşmayıb. Hesab edirəm ki, bu alətin də artıq reallaşdırılmasına ehtiyac var. Bu məsələnin reallaşdırılmamasının bir səbəbi isə işin texniki tərəfinin tam həll edilməməsidir. Müvafiq qanunvericiliyə görə, gəlir deklarasiyasının verilməsinin mühüm şərti Nazirlər Kabineti tərəfindən gəlir deklarasiyasının verilməsi ilə bağlı bəyannamə formasının hazırlanmasıdır. Baxmayaraq ki, bununla bağlı 2005-ci ildə Nazirlər Kabinetinə 2 ay vaxt verilib, hələ də bu məsələ həllini tapmayıb. Nə qədər ki, belə bir bəyannamə forması yoxdur, məmurdan tələb etmək olmaz ki, gəlir deklarasiyasını təqdim etsin. Artıq Konstitusiya Araşdırmaları Fondu tərəfindən gəlir deklarasiyasının forması hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Artıq Nazirlər Kabineti bizim təqdim etdiyimiz formanı da öyrənərək müvafiq bəyannamə forması hazırlayıb və yaxın vaxtlarda onu təqdim edəcək. Ümid edirik ki, yaxın vaxtlarda məmurlar tərəfindən gəlirləri barədə məlumatın verilməsinin şahidi olacağıq. Amma burada məsələ təkcə gəlirlər barədə məlumatın verilməsi deyil. Vəzifəli şəxslər gəlir deklarasiyasını verməklə yanaşı, həmin məlumatları cəmiyyətə açıqlamalıdır. Bu məlumatlar müvafiq internet səhifəsində yerləşdirilməlidir ki, hər bir vətəndaş onunla tanış olmaq imkanı əldə etsin. Yalnız bu halda gəlir deklarasiyasının səmərəli olacağına inanmaq olar".
Əliməmməd Nuriyevin sözlərinə görə, hazırda elə dövlət qurumları var ki, orada korrupsiya faktları tamamilə yığışdırılıb: "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının fəaliyyəti tamamilə şəffafdır. Hər iki qurumun fəaliyyətini istənilən vətəndaş izləyə bilər. Sahibkarlıq subyektlərinin qeydə alınması ilə bağlı da korrupsiya faktları yoxdur. Ölkənin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması qarşıya hədəf qoyulub. Belə olan halda korrupsiya yığışdırılmalı, insan hüquq və azadlıqları təmin olunmalı, kadrların seçilib yerləşdirilməsi həllini tapmalıdır. Həmçinin məmurların vətəndaşlarla davranış məsələlərində ciddi nöqsanlar var və onlar aradan qaldırılmalıdır".
Sənan Mirzə
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42