Avqustun 24-də Azərbaycan Dillər Universitetində Çinin Huçjou Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla nümayəndə heyətini universitetdə görməkdən məmnun olduğunu bildirib.
Qeyd olunub ki, ADU beynəlxalq əlaqələrin qurulmasında və xarici əməkdaşlıq çərçivəsində bir sıra uğurlu layihələrə imza atıb. Belə uğurlu addımlardan biri də məhz Huçjou Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır:
“Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrin qurulmasına və elmi tərəfdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Biz Çin dili və mədəniyyətinin öyrənilməsinə ən səmimi tərəfdən yanaşmaqla Çin mədəniyyətinə və dilinə öz sevgimizi və hörmətimizi bildiririk.
Bizim tələbələr Çin mədəniyyətinə, tarixinə, fəlsəfəsinə, dilinə böyük maraq göstərirlər. Belə ki, tələbələrimizin təklifi və təşəbbüsü ilə universitetimizin həyətində kiçik bir Çin evi layihəsi haqqında düşüncələrimizi sizinlə bölüşmək istərdim. Bu kiçik Çin evində Çin kitabxanasının açılması nəzərdə tutulur. İnanıram ki, bu layihənin baş tutması ilə əlaqələrimizin möhkəmlənməsi və inkişafı daha da sürətlənəcək”.
Huçjou universitetinin Partiya Komitəsinin katibi, professor Jin Peihua səmimi qarşılanmaya və xoş sözlərə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Qeyd olunub ki, ADU beynəlxalq əlaqələrin qurulması və əməkdaşlıq imkanlarına görə seçilən nüfuzlu ali təhsil müəssisələrinindən biridir.
Bildirilib ki, elmi əməkdaşlıq və təcrübə mübadiləsi baxımından bir sıra layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar mövcuddur:
"ADU-da müəllim və tələbələr üçün çox mühüm işlərə imza atılmaqdadır. Bu da müəllim və tələbələrin bilik və bacarıqlarının inkişafı üçün çox önəmlidir. ADU-da fəaliyyət göstərən Konfutsi İnstitutu da bu baxımdan seçilir. Konfutsi İnstitutunun uğurlu fəaliyyəti bizi sevindirir".
Qeyd olunub ki, Konfutsi İnstitutu öz elmi fəaliyyəti ilə müəllim və tələbələrin böyük marağına səbəb olub. Müəllim və tələbələrin elmi mübadiləsinin aparılmasında qarşıya qoyulan məqsəd və vəzifələr yüksək bacarıqla həyata keçirilib.
Huçjou universitetinin nümayəndə heyətinin iştirakı ilə ADU-da Tələbə Mübadilə Mərkəzinin açılış mərasimi baş tutub.
Mərkəz öz elmi və təcrübi imkanları baxımından müəllim və tələbələr üçün yeni elmi əməkdaşlığın qurulması baxımından əlverişli imkanlara sahibdir.
Huçjou Universitetinin Partiya Komitəsinin katibi, professor Jin Peihua, Prezident Aparatının direktor müavini Zhou Xiaohong, Humanitar və Sosial elmlər departamentinin direktoru, professor Pan Mingfu, Musiqi Məktəbinin dekanı, professor Liang Qing, Beynəlxalq Kollecinin dekan müavini Shi Hang univeristetlə tanış olub, birgə xatirə şəkli çəkdirilib.