Müasir müstəqil, qalib Azərbaycan bu gün davamlı uğurları ilə dünyanın diqqətindədir. Təbii ki, bu uğurlar möhkəm təmələ əsaslanan siyasətin, qətiyyətin, böyük səylərin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın bugünkü uğurlarının başlanğıc tarixi, ölkəmizin həyatında dönüş nöqtəsi oldu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Heydər Əliyev siyasəti möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində uğurla davam etdirilərək Azərbaycanın qarşısında daha geniş imkanlar açır.
Mehriban xanım Əliyeva daim çıxışlarında bu mühüm məqama xüsusi diqqət çəkərək bildirir ki, ölkəmizin hər bir vətəndaşı ömrünün böyük bir hissəsini, mənalı və yetkin çağlarını Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yaşamışdır. Bu rəhbərlik təkcə yüksək vəzifə borcu kimi qalmadı, özünü insani mənada daha geniş əks etdirdi. Bu rəhbərlik vətənpərvərliyə, iradəyə, qüdrətə köklənmiş mərd ata və müdrik ağsaqqal qayğısı idi. Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut edir ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücü ilə mümkündür. Mehriban xanım Əliyeva dahi Ulu Öndərin həyat dərslərinin fonunda onu da bildirir ki, həmyaşıdlarım həyatlarındakı Heydər Əliyev mərhələsinin bugününü yaşayır, yenə də həyat dərsi keçirlər. Bu dərs Ulu Öndərin timsalında ruhun, iradənin gücünə, insanın məğlubedilməzliyinə inam dərsidir.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə "Unikal"a açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Vətən və xalq naminə fədakarlıq, müasir müstəqil Azərbaycanın inkişafında, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunmasında, xalqımızın yüksək rifahının təmin edilməsində öz payı olan, milli-mənəvi dəyərlərə sadiqliyini atdığı addımları ilə sübut edən, xeyirxahlığı, humanistliyi sərhəd tanımayan, mərhəmət və şəfqət mücəssəməsi kimi tanınan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bir örnəkdir. Mehriban xanım Əliyevanın Prezident İlham Əliyev ilə çiyin-çiyinə Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi, beynəlxalq nüfuzunun artması, hazırkı mərhələdə- tarixi Zəfərimizin reallıqlarının həyata keçirilməsi istiqamətində göstərdiyi titanik səylər daim həm ölkə daxilində, həm də hüdudlarından kənarda diqqətlə izlənilir. Mehriban xanım Əliyeva 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir. Heydər Əliyev Fondu tariximizə müasir müstəqil dövlətimizin qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, Onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif rəngarəng layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Özünün şəxsiyyətində təvazökarlığı, mərhəməti formalaşdıran, dünyada tanınmış siyasi xadim Mehriban xanım Əliyevanın əsas diqqət yetirdiyi sahələr insanlara qayğı, yardıma möhtac olanlara dəstək, gənc nəslin təhsili, gələcəyimiz olan uşaqların sağlamlığıdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana- yeni məktəb”, “ Hər uşağın ailəyə ehtiyacı var” kimi layihələr bunun bariz nümunəsidir. Mədəniyyətimizin inkişafı istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan tədbirlər təkcə bugünümüz üçün deyil, gələcəyimizə istiqamətlənmiş misilsiz xidmət kimi dəyərləndirilir. Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, ölkəmizdə Beynəlxalq muğam festivallarının keçirilməsi, mədəni və tarixi abidələrin bərpası, müxtəlif dinlərin, mədəniyyətlərin bir araya gəlməsinə xidmət edən konfransların təşkili və sair kimi biri-birindən mühüm addımların hər biri Azərbaycanın bugünü və gələcəyi üçündür. Qədim və zəngin tariximizin təbliği Heydər Əliyev Fondunun fəaliyyətinin əsasında dayanır. Azərbaycan həqiqətlərinin, artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Fondun xidmətləri əvəzsizdir.
YAP Xətai rayon təşkilatının sədri ölkəmizdə idarəçilik sisteminin təkmilləşdirilməsinin bariz nümunəsi olan vitse-prezidentlik institutunun yaradılmasına da diqqəti yönəldərək cənab İlham Əliyevin 21 fevral 20017-ci il tarixli Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsini ölkəmizin həyatında mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, dövlət başçısı İlham Əliyev 21 fevral 2017-ci il tarixində keçirilən Təhlükəsizlik Şurasının iclasında Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bu qərarı şərtləndirən amillərin fonunda belə bir əminliyi də ifadə etdi ki, Mehriban xanım bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcək. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətinə “Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam” çağırışı ilə başlayan Mehriban xanım Əliyevanın 6 ildən artıq dövrdə bu yüksək və məsul vəzifədə gördüyü işlərin miqyası dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğrultmasının nümayişidir. Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi ilk müşavirəsini keçmiş qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətinin əsas istiqamətidir. Mehriban xanım Əliyeva keçmiş qaçqın və məcburi köçkünlərlə görüşlərində daim bu inamı ifadə edirdi ki, tezliklə torpaqlarımız işğaldan azad olacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin digər istiqamətindən - ölkəmizin həyatında aparıcı rol oynayan, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu hədəflərin reallığa çevrilməsi istiqamətində gördüyü işlərdən bəhs edən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, tarixi Zəfərimiz bütün sahələrdə yeniliyə, təkmilləşməyə yol açdı. Yeni Azərbaycan Partiyasının şanlı Qələbəmizin reallıqları fonunda keçirilən VII qurultayında yeni tərkibin formalaşması yeni vəzifələrin öhdəsindən daha yüksək səviyyədə gəlməyə stimul oldu. Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini seçilməsi bu vəzifələrin günümüzün tələbləri səviyyəsində uğurla həyata keçiriləcəyinə inamı artırdı. Ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan, zəngin təcrübəyə, böyük inama və etimada malik olan Yeni Azərbaycan Partiyası hər addımında yenilişməyə, təkmilləşməyə açıq olduğunu təsdiqləyir, partiyanın qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər ümumilikdə Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir.
Vüqar Rəhimzadə diqqəti son üç ilə yaxın dövrdə Azərbaycanın yaşadığı tarixi Zəfərin sevincinə, Qələbəmizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yönəldib. Bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətlərinə diqqət yetirsək böyük mənəvi dəstəyi, həmrəyliyə çağırışı, ən əsası birliyimiz, həmrəyliyimiz əsasında tarixi Zəfərə imza atacağımıza əminliyi görərik. Onun müharibənin gedişi dövründə “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını daha sıx birləşdirdi, Qarabağımızı, Şərqi Zəngəzurumuzu azad görmək istəyimizi reallığa çevirmək üçün hər kəsi üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə səfərbər etdi. Bu gün qürurla Qarabağımızın, Şərqi Zəngəzurumuzun dirçəlməsindən danışırıq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə birgə birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri bərpa-quruculuq işlərinin daha da sürətlənməsində əhəmiyyətli rol oynayır. Bu ərazilərdə təkmil idarəçilik sisteminin yaradılması, bütün işlərin sistemli şəkildə həyata keçirilməsi hədəflərə zamanında nail olmağa əsas yaradır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrimizin bərpası əsas məsələ kimi öndədir. Bu işləri Heydər Əliyev Fondu öz üzərinə götürərək yüksək səviyyədə yerinə yetirir. Qarabağlın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festival, Vaqif Poeziya Günləri ənənəsinin bərpasında Heydər Əliyev Fondunun xidmətləri ölçüyəgəlməzdir. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Fond bu işləri yüksək təşkilatçılıq əsasında yerinə yetirir.
YAP Xətai rayon təşkilatının sədri Heydər Əliyev Fondunun şəhid ailələrinə və qazilərimizə diqqət və qayğısından da bəhs edib. Bildirib ki, onları narahat edən sosial məsələlərin həlli daim diqqətdədir. Qazilərimiz Heydər Əliyev Fondu tərəfindən müalicə və reabilitasiya üçün qardaş Türkiyəyə göndərilir, eyni zamanda, yüksək texnologiyalı protezlərlə təmin edilirlər.
Vüqar Rəhimzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyətini bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirərək belə bir ümumiləşdirməni aparıb ki, Onun gördüyü işlər həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Mehriban xanım Əliyeva Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilib. Bu, Onun çoxşaxəli fəaliyyətinin, dövlətə, xalqa xidmətinin təqdimatıdır. Mehriban xanım Əliyevanın mərhəməti, xeyirxahlığı, insanlara sevgisi, onlara hər an dəstək olmaq istəyi, problemlərinin həllinə köməkliyi Ona milyonların sevgisini şərtləndirən əsas amillərdir. Dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin ölkəmizdə daha da gücləndirildiyi bir zamanlarda Mehriban xanım Əliyevanın xalqa dəfələrlə müraciət etməsi bu sevginin bariz nümunəsi kimi diqqətdə oldu. Mehriban xanım belə bir inamı ifadə etdi ki, birliyimiz, həmrəyliyimiz sayəsində COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Onun bütün məsələlərdə xalqa müraciətlərinin hər biri özündə uğurlu gələcəyimizə inamı ehtiva edir.
YAP Xətai rayon təkilatının sədri Azərbaycanın bugünkü reallıqları əsasında müəyyənləşdirilən hədəflərdən bəhs edərək belə bir əminliyi bir daha diqqətə çatdırıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində qalib Azərbaycan daha yüksək zirvələri fəth edəcək, tarixi ədalətin bərpası əsasında Qərbi Azərbaycana da qayıdışımızın şahidinə çevriləcəyik.