Bu günədək Laçın rayonunda ümumi gücü 40,5 meqavat, illik enerji istehsalı potensialı 120 milyon kilovat/saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib.
"Unikal" xəbər verir ki, bu barədə “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Laçın rayonunda keçirilən “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Gələn ilin birinci rübündə artıq Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat/saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.
"Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Hazırda “Ağbulaq” Su Elektrik Stansiyasında artıq son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarında isə işlər başa çatdırılıb", - B.Rzayev qeyd edib.