Türk dövlətlərinin inteqrasiyası yönümündə son bir neçə ildə atılan addımlar, həyata keçirilən müxtəlif məzmunlu lahiyələr ondan xəbər verir ki, başda Azərbaycan və qardaş Türkiyə olmaqla qarşıdakı bir neçə ildə ortaq türkcənin yaradılması istiqamətində daha qətiyyətli addımlar atılacaq. Siyasi müstəvidə Türk Dövlətləri Birliyinə üzv dövlətlərin liderləri müxtəlif formatlarda görüşləri zamanı dönə-dönə ortaq türkcənin formalaşdırlması üçün öz fikirlərin səsləndirirlər. Amma akademik çevrələr ortaq dilin,ortaq əlifbanın yaradılması üçün müxtəlif fikirlər səsləndirməkdədirlər.
Dilçi ekspert Gülər Mübariz "Unikal"a bildirib ki, türkdilli dövlətlər arasında münasibətlərin, əlaqələrin gücləndirilməsi və dərinləşdirilməsi prosesi daha da gücləndikcə ortaq dil və əlifbanın yaradılması prosesi də yeni bir mərhələyə qədəm qoyacaq:
«Açığı bunun tez bir zamanda formalaşacağını demək çətindir. Türk dövlətləri arasında münasibətlərin bütün sahələr üzrə genişləndirlilməsinə böyük və zəruri ehtiyac var. Eyni zamanda onu da qeyd etməliyəm ki, bu inteqrasiyanı, yəni ortaq dilin və əlifbanın yaradılmasını dövr, zaman və reallıqlar özü tələb və diktə edir. Ona görə də təkcə Azərbaycan alimi,yazıçısı, tarixçisi ilə yanaşı, Türk Dilli Dövlətlər Birliyinin üzvü olan digər ölkələrin də alim və elm adamları,ziyalıları inteqrasiya prosesində türkdilli dövlətlərin rəhbərlərinin bu istiqamətlərdəki bütün addımlarına dəstək verməli, prosesin ləngiməsinə səbəb olan amilləri araşdırmalı,aradan qaldırılması üçün ümumi təkliflər ortaya qoymalıdırlar».
Gülər Mübariz vurğulayıb ki, türkdilli xalqların bir-birinə yaxınlaşmasının inteqrasiyası prosesində dil probleminin olduğu heç kəsə sirr deyil. Onun sözlərinə görə, bir çox elm adamlarının fikrincə, ortaq türk dili bu problemi aradan qaldırar: « Açığı mən burda daha da qabarıq bir problem görmürəm. Biz hansısa yeni bir dil yaratmayacağıq. Əksinə türk xalqlarının rahat inteqrasiyasına daha geniş imkanlar yaradan dili seçəcəyik. Mənə elə gəlir ki, bu məsələdə həm dilçi alimlər,eyni zamanda siyasi iradə əsas rol oynayacaq».
Ekspertin fikrinə görə, “Ərgənəkon”dan bu yana türk dili əsrlər boyu özünün varlığı və inkişafı uğrunda müxtəlif mərhələlərdən keçib. Bu gün türk dili türk xalqlarının vahid birlik forması olmalıdır: «Söhbət əcdadlarımızın min illərlə danışdığı, sonrakı nəsillərə ərməğan verdiyi dilin hamı üçün anlaşılan bir formasının ümumi qəbulundan gedir. Və burada ortaq dil kimi hansı türkcənin seçilməsindən və digər türkcələrin görməzdən gəlinməsindən, yaxud onun dilinə hörmətsizlikdən gedə bilməz. Bayaq qeyd etdiyim kimi türkün var olduğu gündən bu yana onun Ana dili müxtəlif dövrlərdə, dünyanın müxtəlif ərazilərində böyük və çətin bir yol qət edib. Əlbəttə bu zaman kəsiyində biz özbəyə,türkmənə, qazağa,Azərbaycan türkünə çevrilmişik. Türk xalqlarının bu birliyini nəzərə alarsaq, müstəqil türk dövlətləri ölkə daxilində dilin mövcud statusunun möhkəmlənməsi ilə əlaqədar müəyyən işlər görməklə yanaşı, digər türkdilli xalqların ana dilindən istifadəsi zamanı əsas haqq və hüquqlarının qorunması yönündə birgə fəaliyyət göstərməlidir. Bunu qaçılmaz edən faktlardan biri də müxtəlif dövrlərdə dilin asimliyasiyaya uğraması,yox olması üçün imperiyaların tətbiq etdiyi acımasız siyasi təzyiqlərdir.Amma xalq olaraq türklər daima dilini qoruyub. Bütün türk dünyası üçün ortaq dilin seçilməsi,ortaq əlifbanın yaradılması çox vacibdir».