1998 və 2001-ci illərdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən təqdim edilmiş məktublarda 54 nəfər azərbaycanlının adı keçmiş və sağ olduğu təsdiqlənib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Ombudsmanı tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatda qeyd olunub.
Bildirilib ki, sözügedən məktublarda Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və Azərbaycan Respublikasının bu ölkə tərəfindən işğal edilmiş Qarabağ ərazisində saxlanıldıqları yerlərdə BQXK tərəfindən baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatına alınıblar.
"Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfər də daha sonradan Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən qətlə yetirillib. Onlardan sadəcə 17 nəfərinin nəşi qaytarılıb, 6-sı qadın olmaqla, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, nəşləri qaytarılmayıb, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib. Bu isə ciddi insan hüquqları pozuntusudur", - hesabatda vurğulanıb.