İsmayıllı rayonuna yağan güclü leysan yağışından sonra Göyçay çayına güclü sel gəlib.

"Unikal"ın məlumatına görə, bu gün saat 12:30 radələrindən başlayaraq çaydan keçən suyun səviyyəsi xeyli artıb, Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsü üçün təhlükə yaranıb. Hazırda sel axını davam edir, körpünün dayaqları zədələnir, insanlar körpünün dağılma təhlükəsi ilə üz-üzə qalmasından narahatdı. Hazırda körpü üzərində avtomobillərin və piyadaların hərəkəti davam edir.

İnsanların təhlükəsizliyinin təmin olunması üçün hazırda Göyçay rayon Polis Şöbəsinin yol polisi və post patrul xidmətinin əməkdaşları ərazidə xidmət aparır, ağır tonnajlı yük avtomobillərinin körpü üzərindən keçidinə müvəqqəti məhdudiyyət qoyulub.

Qeyd edək ki, 2018-ci ildə Göyçay çayına gələn güclü sel zamanı bu körpü dağılmışdı, kəndlərin Göyçay şəhəri ilə əlaqəsi kəsilmişdi. Həmin körpüdə bir ay ərzində aparılan təmir-bərpa işləri zamanı avtomobillər alternativ olaraq Göyçay-Ucar-Göyçay yolundan istifadə etmişdi.

Şahnəzər Bəşirov