Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmiş 3 nəfər erməni əsilli futbolçu avqustun 28-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb və Azərbaycan dövlətinin humanist dəyərlərə sadiqliyinin nümunəsi olaraq barələrində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilib və İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsilə (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) başlanmış icraat üzrə onların hər üçü məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə bu gün həmin şəxslərin tənbeh müddəti başa çatdığından onlar azad olunaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşaiyətilə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Laçın sərhəd-keçid məntəqəsindən Ermənistan Respublikasına keçmələri təmin edilib.

Qarabağ sakinləri onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə təşəkkür edərək, həbsdə olduqları müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadıqlarını bildiriblər.

***15:57

Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq həbs edilən 3 erməni futbolçu qarşı tərəfə təhvil verilib. 

"Unikal" xəbər verir ki, bu gün onların həbs müddəti başa çatıb. 

Erməni KİV onların Bakı vaxtı ilə saat 15.30-da Həkəri çayı üzərindəki sərhəd-keçid məntəqəsindən Ermənistan tərəfinə təhvil verilməsi barədə məlumat yayıb. 

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına görə, inzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması təmin olunmalı idi. 

Xatırladaq ki, Azərbaycan bayrağını təhqir edən erməni futbolçuların yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilmişdi. 

Ağarza Elçinoğlu