Son vaxtlar Ermənistan və Rusiya arasında gərginliyin artması müşahidə olunur. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın və bu ölkənin digər rəhbər şəxslərinin fikirlərinə Rusiya rəsmiləri tərəfindən cavablar verilib. Bəs görəsən, bu ölkələr arasında gərginlik nə ilə bağlıdır?
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Unikal”a bildirib ki, Ermənistan və Rusiya arasındakı uzaqlaşma prosesi çoxdan başlayıb. Onun sözlərinə görə, beş il bundan əvvəl də deyib ki, Rusiya bu bölgədən gedir:
“Rusiya strateji baxımdan siyasi nüfuzunu saxlamaq üçün bir çox hallarda strategiyanı dəyişdirir. Yəni, hərbi bazalar, hərbi mövcudluq məsələləri artıq ikinci plana çəkilir. Ermənistan Rusiyadan deyil, Rusiya Ermənistandan uzaqlaşır. Ona görə ki, indi Rusiya ilə Türkiyə əməkdaşlığı daha yüksək səviyyədədir. Uzun illər belə bir siyasi şüar var idi ki, Ermənistan Cənubi Qafqazda Rusiyanın forpostudur. Sonra bəzi Rusiya politoloqları bu forpost sözünü dəyişib deyirdilər ki, Ermənistan əslində qulpsuz çamadandır. Ermənistanın anti-Rusiya bəyanatları daha çox onunla bağlıdır ki, artıq Rusiya digər istiqamətdə özü üçün faydalı əlaqələri qurmaq niyyətindədir. Ermənistanın forpost funksiyası Rusiyaya lazım deyil. Ermənistanın baş naziri Nikol Paşinyan demək olar ki, bu prosesləri görüb və buna aid bəyanat verib. Ciddi siyasi təhlilərə diqqət etsək, bu proseslər çoxdan bəlli idi.
Onlar çarəsizlikdən belə bəyanatlar verirlər və hesab edirlər ki, bu siyasi dalğada Qərb Ermənistanda olan təhlükəsizlik boşluğunu dolduracaq. Ermənistanın təhlükəsizlik boşluğu ondan irəli gəlib ki, işğalçı siyasətləri, siyasi ambisiyaları onların real potensialını qat-qat üstələyir. Onlar elə siyasət həyata keçirirlər ki, bunu edəcək imkanları yoxdur. Kiməsə arxalanıb, kimdənsə istifadə edib anneksiya siyasətini davam etdirmək istəyirlər. İndi təzə patron axtarışına çıxan Ermənistan köhnə patronu tərəfə daşlar atır”.
Anar Kəlbiyev