ABŞ Ukrayna ilə sərhədin möhkəmləndirilməsi üçün mütəxəssislərin hazırlanması və avadanlıqların alınması üçün Slovakiyaya 3,6 milyon dollar yardım edəcək.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Slovakiyadakı səfiri Qautam Rana bildirib. Qeyd olunur ki, bu pulla Bratislavanın sərhədi qanunsuz silah, narkotik və insanların daşınmasından qorumağa kömək edəcək layihə təşkil olunacaq.

"İki il ərzində Birləşmiş Ştatlar slovakiyalı mütəxəssisləri sərhədi müdafiə etmək qabiliyyətini artırmaq üçün təlim və kritik avadanlıqlarla təmin edəcək" deyə Rana bildirib.

Səfir vurğulayıb ki, sərhəd təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş bu tədbir Slovakiyanın ümumi təhlükəsizliyi, iqtisadi rifahı və milli suverenliyi üçün mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Slovakiyada sərhəddəki beş min hərbçi qeyri-qanuni miqrasiya ilə mübarizədə polis patrullarına kömək edəcək.