Azərbaycan Fransadan regionda kövrək normallaşma prosesini təhlükə altına alan əsassız bəyanatlara son qoymasını tələb edib.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa XİN-in mətbuat katibinin səsləndirdiyi əsassız fikirlərinə dair şərhində bildirib.
O vurğulayıb ki, Azərbaycan özünün Qarabağ bölgəsinə yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə və Azərbaycanın qanunvericilik tələblərinə riayət etməklə daşınması üçün Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından və digər mümkün yollardan istifadənin mümkün olduğunu bəyan edib: "Bu istiqamətdə 15 iyul tarixində Brüssel görüşündən sonra, eləcə də avqust ayının əvvəlində əldə edilmiş razılıqlara və bu prosesin ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan tərəfinin və onun yaratdığı qondarma rejim bu razılıqları kobud şəkildə pozduğu Fransa tərəfinə yaxşı məlumdur".
"Fransa tərəfindən Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda kövrək normallaşma prosesini təhlükə altına alan bu kimi əsassız bəyanatlara son qoyulmasını tələb edirik", - A.Hacızadə bildirib.