Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıması, mahiyyətcə Rusiya variantından imtina etməsi ilə bağlı ittihamlara münasibət bildirib.

"Unikal" xəbər verir ki, parlamentdə “hökumət saatı” zamanı Paşinyan bir daha xatırladıb ki, Rusiyanın təklifi ötən ilin avqustunda ATƏT-in Minsk qrupunun həmsədri İqor Xovayevin regiona səfəri zamanı təqdim edilib.

“Sentyabrda Xovayev təkliflərinə cavab almaq üçün yenidən bölgəyə gəlib. Diplomat əvvəlcə sentyabrın 11-də Bakıya gedib, həmin ayın 13-də isə İrəvana gəlib”, - Paşinyan deyib.

O, ötən ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərdən danışıb.

“Rusiya və KTMT Ermənistanın müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı yazılı və şifahi müraciətlərinə cavab verməyib. Eyni zamanda, Ermənistan Rusiyanın statusla bağlı təklifinə müsbət cavab verib. Amma artıq oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan tərəfindən ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı razılıq əldə olunub. Ermənistan bu qərarı öz ərazi bütövlüyünü qorumaq üçün verib”, -  Paşinyan deyib.

Baş nazir opponentlərinə cavab verərək bildirib ki, bu qərarı səhv hesab edənlərin hamısı bununla Ermənistanın suveren dövlət olmamalı olduğunu deyirlər.