“Türkiyə bizim üçün dəyərli müttəfiqdir”

"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında "Türk şirkətlərinə qarşı sanksiyaların İsveçin NATO-ya üzvlük prosesinə təsir edəcəyindən narahat deyilsinizmi?" sualına cavab verib.

"Xeyr, bunun hər hansı bir təsiri olacağını düşünmürük" deyə Miller bildirib.

"Türkiyə hökuməti ilə konstruktiv və yaxın münasibətlərimiz var. Türkiyə bizim üçün dəyərli müttəfiqdir".

Miller açıqlamasında ABŞ prezidenti Co Baydenin bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü xatırladıb.

Miller türk şirkətlərinə qarşı sanksiyaların İsveçin NATO-ya üzvlüyü ilə bağlı olmadığını və ABŞ-ın bu üzvlüyə verdiyi önəmi Türkiyəyə çatdırdığını bildirib.

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada, Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq qabiliyyətini zəiflətmək üçün Rusiya elitalarını, Rusiyanın sənaye bazasını, maliyyə qurumlarını və texnologiya təchizatçılarını hədəf aldığı açıqlanıb.

Açıqlamada OFAC-ın 100-ə yaxın sanksiya tətbiq etdiyi, ABŞ Dövlət Departamentinin də sanksiya siyahısına 70-dən çox adamı əlavə etdiyi bildirilib.

Sanksiya siyahısına Türkiyədə fəaliyyət göstərən 3 şirkət və Rusiyanın sanksiyalardan yayınmasında dəstək verən bir Türkiyə vətəndaşının yer aldığı bildirilib.