Nigeriya ordusunun keçirdiyi əməliyyatlarda Boko Haram terror təşkilatının 151 üzvü zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, Nigeriya rəsmisi Buba 456 terrorçunun ələ keçirildiyini, 38 girovun xilas edildiyini açıqlayıb. 

Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba həftəlik mətbuat konfransında bildirib ki, ordu son iki həftə ərzində ölkənin şimal-şərqində Adamava, Borno və Yobe əyalətlərində Boko Harama qarşı əməliyyatlar həyata keçirib.

Buba əməliyyatlarda 151 terrorçunun öldürüldüyünü, onlarla terrorçunun isə yaralanaraq xilas olduğunu qeyd edib.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.