Bu gün vəzifəsindən uzaqlaşdırıldığı məlum olan Ukrayna müdafiə nazirinin müavinləri könüllü istefa ərizələri yazıblar və bu vəzifələrə qayıtmayacaqlarını bildiriblər.

"Unikal" xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, onlar bunu Müdafiə Nazirliyinin yeni rəhbəri Rustem Umerovun xahişindən sonra ediblər.

Qəzet yazır ki, nazirlik “tam yeniləmə” həyata keçirmək istəyir. Hazırda vəzifələrə yeni namizədlərlə bağlı məsləhətləşmələr aparılır.

***13:13

Ukrayna Nazirlər Kabineti müdafiə nazirinin bütün müavinləri işdən çıxarıb.

"Unikal" xəbər verir ki, bu barədə hökumətin Ukrayna Ali Radasındakı (parlament) nümayəndəsi Taras Melniçuk “Telegram”da bildirib.

"Ukrayna müdafiə nazirinin müavinləri vəzifələrindən azad ediliblər: Vladimir Qavrilov, Rostislav Zamlinski, Anna Malyar, Denis Şarapov. Həmçinin, Andrey Şevçenko Ukrayna müdafiə nazirinin Avropaya inteqrasiya üzrə müavini, Vitali Deyneqa isə rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşma nazirinin müavini vəzifəsindən azad edilib.

Bundan əlavə, hökumət Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşşenkonu da vəzifəsindən azad edib", - məlumatda deyilir.  

Gülayə  Mecid